Ordumuzun yaradılması müstəqillik tariximizlə eynidir. Tarixin səhifələrini vərəqləsək görərik ki, ilk dəfə Milli Ordu yaradılması təşəbbüsü Azərbaycan Xalq Cümhuriyyətinin dövründə olmuşdur. Rus imperiyası və erməni daşnakları ilə mübarizə aparmaq üçün ilk növbədə müstəqil orduya ehtiyac var idi. Buna görə də müstəqillik elan olunduqdan sonra ilk iş Milli Ordumuzun yaradılması oldu və Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə 1918-ci il 26 iyun tarixli fərmanla ilk müntəzəm hərbi hissə-əlahiddə Azərbaycan korpusu yaradıldı. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. İlk müdafiə naziri Xosrov bəy Sultanov olmuşdur. 1920-ci ildə Azərbaycan sovet işğalına məruz qaldıqdan sonra hərbi nazirlik ləğv olundu, 15 generalımız bolşeviklər tərəfindən güllələndi. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan ordusunun yaradılması haqqında qərar qəbul olundu. Ulu öndər Heydər Əliyevin22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan olundu və o vaxtdan da orduda quruculuq işləri davam etdi. Erməni işğalçıları torpaqlarımızın 20 faizini işğal etdikdən sonra cənnət guşələri azad etmək vəzifəsi məhz ordumuzun çiyinlərinə düşürdü. Prezident İlham Əliyev orduya hər zaman xüsusi diqqət və qayğısını əksik etmədi. Ən müasir silahlarla silahlandırılaraq və təhsilli zabitlər yetişdirərək ordumuzun qüdrətini artırdı. 2016-cı il aprel ayında öz qüdrətini mənfur düşmənlərimizə göstərərək onların "məğlubedilməz ordu” olduqları haqqında yaratdıqları mifi darmadağın etmiş oldu. Heç bir zaman torpaqlarımızın işğalı ilə barışmayan xalqımız, dövlətimiz və Ordumuz 27 sentyabr 2020-ci ildə erməni işğalçılarına qarşı əkshücuma keçdi. Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyaların tətbiqi və müasir döyüş silahları ilə müharibəyə başladı. Beynəlxalq təşkilatların 30 ildə edə bilmədiklərini Prezidentimizin qətiyyətli siyasəti və Şanlı Ordumuzun qüdrətli hücum taktikalarıyla 44 gün ərzində böyük qələbələr əldə edildi. "Dəmir yumruq” düşməni və onun havadarlarını qısa müddətdə böyük itkilər verərək təslim olmağa məcbur etdi. Bu qələbəni bizə bəxş edən Ali Baş Komandan və qəhrəman Azərbaycan Ordusunun əsgərləri oldu. Nə qədər oğullarımız gözlərini belə qırpmadan ölümün gözünə dik baxaraq şəhid olmağı seçdi. Onlar özlərini, ailələrini, yaxınlarını deyil, Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmağı seçdilər. Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı yaşayır, onlar da qəlbimizdə əbədi yaşayacaqlar. Zərifə Məmmədova, Xocalı rayon ziyalısı